Azərbaycanda əmək hüququ problemi: qanunvericilik nə deyir? - HÜQUQİ ŞƏRH
Qədim insan az işləyirmiş - qəbilənin nə ovlayıb-toplamasından asılı olaraq, həftədə 5 saatdan 15 saatadək. Aqrar iqtisadiyyatın hökmran olduğu uzun əsrlər boyu əmək mövsümi xarakter daşıyırdı və yalnız sənaye inqilabından sonra insanlar bütün il boyu işləməyə başladılar. Kapitalist sənayesi iş vaxtının bəzən hətta ifrat dərəcədə (bəzi sənaye şəhərlərində gündə 12-16 saat olmaqla həftədə 6-7 gün) uzanmasına yol açdı. XIX əsrdən etibarən, iş vaxtının qanunvericiliklə məhdudlaşdırılması dünyanın bir çox ölkəsində, xüsusilə Avropa dövlətlərində ən aktual sosial-iqtisadi problemlərdən birinə çevrildi. Fransa burjua inqilabı hüququn hər sahəsində olduğu kimi əmək hüququna da təsirini göstərdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində isə bu problem artıq mütəmadi olaraq siyasiləşirdi, çünki o vaxtın inkişaf etmiş kapitalist ölkələrində vüsət alan fəhlə hərəkatı iş vaxtının məhdudlaşdırılmasını özünün əsas siyasi-iqtisadi tələblərindən birinə çevirmişdi.
XX əsrdə baş vermiş ictimai inkişaf sayəsində iş vaxtının qısaldılması üçün iqtisadi imkan yarandı və iş sahibləri ilə həmkarlar ittifaqları arasında bağlanan müqavilələrlə gerçəkləşdi. Bir çox dövlətlər iş vaxtını qanunvericiliklə məhdudlaşdırdılar. Bu isə yeni mərhələnin – dövlətin müdaxiləsi ilə səciyyələnən mərhələnin başlanğıcı oldu.
BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə təşkil edilib. Azərbaycan isə 12 may 1992-ci ildə BƏT-in üzvüdür, onun 57 Konvensiyasına qoşulub. Əmək, uşaq hüquqları barədə qanunvericilik də bu konvensiyaların prinsip normalarına uyğunlaşdırılıb.
II Dünya müharibəsindən sonrakı illərdə 40-42 saatlıq iş həftəsi sənayecə inkişaf etmiş ölkələr üçün normaya çevrildi. Əsrin sonlarına yaxın iş vaxtı daha da sürətlə qısaldıldı. 2000-ci ildə Fransa 35 saatlıq iş həftəsini qanuniləşdirdi. 2000-ci illərin ortalarında Niderland iş həftəsinin orta uzunluğunu 30 saatdan aşağı sala bildi. İndi ABŞ-da orta iş həftəsi 33, Fransada 30, Niderlandda 27 saatdır.
2011-ci ildə İƏİT dövlətləri arasında ən qısa orta iş həftəsi Almaniyada idi – 25,6 saat. Bəzi ölkələrdə iş vaxtının məhdudlaşdırılması yaxın keçmişədək normal hesab edilən çərçivədən çıxmaqdadır. Məsələn, Almaniyada qeyri-ərzaq ticarət müəssisələrinin həftəsonu istirahət günlərində çalışması qanunvericiliklə qadağandır. Yalnız məhdud sayda ticarət obyektlərinə, özü də yalnız turist mərkəzlərində, üstəlik sərt vaxt məhdudiyyətləri altında işləmək izni verilir. Belə olanda iş vaxtının uzunluğuna və təşkilinə bazar mexanizmlərinin təsiri minimuma enir. Təsadüfi deyil ki, iş vaxtının tənzimlənməsindəki liberallıq səviyyəsinə görə Almaniya dünyada ən axırıncı yerlərdən birini tutur. Lakin faktiki iş vaxtının qısalıb-uzanmağı təkcə dövlətin müdaxiləsi ilə baş vermir.
Bu gün əmək hüququnun dünyanın əksər ölkələrində pozulduğunu, insanların bütün günü yalnız zəruri ərzaq, qida ehtiyaclarını ödəmək üçün işlədiyini müşahidə edə bilirik. Əmək hüquqları üçüncü dünya ölkələrində daha çox pozulsa da, inkişaf etmiş ölkələrdə də bu problemin olduğunu deyə bilərik. Uşaq əməyinin istismarı, miqrantların bəzən 18-20 saata yaxın işlədilməsi kimi pozuntuları müşahidə edə bilərik. Ölkəmizdə də müəyyən edilmiş iş saatından artıq əməklə məşğul olan insanlar az deyil.
Bəs bizim qanunvericilikdə iş saatı ilə bağlı hansı müddəalar var?
Azərbaycan qanunvericiliyində nəzərdə tutulana görə, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman tam iş vaxtıdır.
Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik isə 40 saatdan artıq ola bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilib, lakin həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi də müəyyən edilə bilər. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, günlük iş vaxtının ən azı yarısı gecə vaxtına düşəndə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır. Hamilə və üç yaşınadək uşağı olan qadınların, yaşı on səkkizdən az olan işçilərin gecə işinə cəlb edilməsi qanunsuzdur. Əlilliyi olan işçilər gecə vaxtı işə öz razılığı və xüsusi qurumların rəyi ilə cəlb edilə bilər.
İş vaxtından artıq iş ödənişlidir və işçinin razılığı ilə buna yol verilir. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox işə cəlb edilə bilməz. Ancaq indi də həftəlik 60-70 saat iş şəraitində olan, məzuniyyət hüququndan istifadə etməyən, həftəlik istirahət günü olmayan xeyli sayda işçi və iş yeri var. Hətta məzuniyyət ödənişi almadan, “özhesabına” adı ilə istənilən vaxt müddətli və müddətsiz məzuniyyətə göndərən iş yerlərinin sayı xeyli çoxdur.
Uşaqların əməyə cəlb edilməsi və uşaq istismarı hallarına da dünyanın bir çox ölkələrində rast gəlinir. Azərbaycan qanunvericiliyində - Konstitusiyanın 17-ci, Əmək Məcəlləsinin 46-cı maddəsində göstərilib ki, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. On beş yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və bu cür müqavilənin bağlanması İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələri ilə məsuliyyətə səbəb olur.
Bəs əmək hüquqlarının pozulması ilə necə mübarizə aparmaq lazımdır?
İşəgötürənlərə vətəndaşların əmək müqaviləsi ilə işləməsini təşviq etmək üçün vergi güzəştləri edilməsində, işçilərin həmkarlar ittifaqlarında birləşməsinə olan süni maneələrin aradan qaldırılmasında fayda var. İşçi işəgötürənə qarşı əmək qanunvericiliyində olan hüquqlarını bildirdikdə, işdən azad edilməmə rahatlığına sahib olmalıdır. Məzuniyyət hüququnun verilməsinin gözləmək üçün həm dövlət qurumları, həm də ictimai nəzarət mexanizmləri işə düşməlidir. Bu sahədə fəaliyyət göstərən QHT-lər işçilərin maariflənməsi və onların məhkəmə müdafiəsində daha səmərəli addımlar atılmasını təşviq etməlidir.
Əmək hüquqları daha kobud pozulanlar arasında təhsilsiz və konkret peşəyə malik olmayanlar çoxluq təşkil edir. Buna görə də peşə təhsilinin rolunu artırmaq, xüsusilə aztəminatlı və valideyn himayəsindən məhrum uşaqların yetkinlik yaşına çatana qədər konkret peşəyə yiyələnməsinə nail olmaq hökumətin prioritetləri sırasında olmalıdır.
Hüquqşünas Şamil Paşayev