Norma.az HÜQUQ BİR GÜN HƏR KƏSƏ LAZIM OLUR

Xəbərlər

Şəhidlik statusu və şəhid ailələrinin təmimatı hüququ necə verilir?

Şəhidlik statusu və şəhid ailələrinin təmimatı hüququ necə verilir?

2021-04-24 16:15:00

Hüquqşünas Şamil Paşayev 

Şəhidlik nədir?

Nazirlər Kabinetinin 1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, eyni zamanda hərbi tapşırıqların icrası zamanı həlak olmuş şəxslərə şəhidlik statusu verilir. Bu status eyni vəziyyətdə itkin düşmüş, sonradan məhkəmə tərəfindən ölmüş elan edilmiş şəxslərə də aiddir. Bu şəxslərin ailə üzvləri isə “şəhid ailəsi” adlandırılır.

         

          Şəhid statusu necə verilir?

Həlak olan əsgərə şəhid statusu Səfərlik və Hərbi Xidmət üzrə Çağırış Komissiyası tərəfindən verilir. Gizir və zabit heyətinə isə bu status qulluq etdiyi mərkəzi icra hakimiyyəti orqanının qərarı əsasında təqdim edilir. Mülki şəxslərə isə bu status yerli icra hakimiyyəti orqanları tərəfindən verilir.

 

Şəhid vəsiqəsi necə əldə edilir?

Şəhidlik statusu müəyyən edildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən buna uyğun olaraq şəhid vəsiqəsi onun ailəsinə təqdim edilir. Şəhid ailəsinə ödəmələr bu vəsiqə əsasında həyata keçirilir. Əgər ailə üzvləri arasında narazılıq olarsa, şəhid statusu ilə bağlı ödənilən məbləğ onlar arasında bərabər bölünür.

Döyüş bölgəsində və ya döyüş bölgəsindən kənarda düşmən tərəfindən qətlə yetirilən mülki şəxslərə də şəhidlik statusu eyni qaydada verilir. Bu statusun verilməsi ilə bağlı həlak olanın ailəsi ilə statusu müəyyən edən orqan arasında narazılıq və ya mübahisə olarsa, məsələ məhkəmədə həll edilir.

Bəs şəhid ailəsi dedikdə kimlər nəzərdə tutulur?

Şəhidin ailə üzvləri- onun ata, ana, yetkinlik yaşına çatmayan övladı və dul qalmış arvadıdır. Onların hər biri dövlətdən müəyyən edilmiş qayda və məbləğdə güzəştlər, sosial təminatlar əldə edir. Şəhidin ata-anası və dul qalmış arvadı ömrünün sonuna kimi bu statusu daşıyır. Övladlar isə bu statusa yetkinlik yaşına çatana kimi malik olur.Əgər şəhid övladı ali məktəbə daxil olarsa, 23 yaşına kimi o bu statusa malikdir.

 

          Şəhid ailələrinə hansı növ sosial təminat təqdim edilir?

 

Hazırda şəhid ailəsinə 300 manat məbləğində sosial müavinat müəyyən olunur. Şəhidin ailə üzvləri yaşa görə pensiyaya çıxdıqda onlara 93 manat 50 qəpik məbləğində pensiya əlavəsi təyin edilir. Şəhid övladlarına uşaq pulu verilməsi də nəzərdə tutulub. Bundan əlavə, şəhid ailələrinə kommunal xərclərin ödənilməsi üçün də məbləğ təyin edilib. Şəhid övladlarının ali təhsili dövlət hesabına həyata keçirilir.

          Şəhid ailələrinin mənzil təminatı regionda yalnız ölkəmizdə həyata keçirilir. Evi,mənzil şəraiti yaxşı olmayan şəhid ailə üzvləri yerli icra hakimiyyəti orqanına müraciət edirlər və onlar uçota götürülürlər. Daha sonra onlara təyin olunmuş növbə əsasında mənzillə təmin olunması həyata keçirilir. Mənzillə təmin olunma şəhər və rayon yerlərində müxtəlif formada həyata keçirilir. Belə ki, şəhərlərdə çoxmərtəbəli binalardan, rayonlarda isə infrastruktura uyğun olaraq fərdi yaşayış evlərinin tikilməsi ilə mənzillə təmin edilir. Həmin ailələrə torpaq sahəsinin verilməsi də nəzərdə tutulub.

Şəhid olmuş hərbi qulluçuların ailələrinə 11000 manat məbləğində sığorta vəsaiti ödənilir. Bu,”Hərbi qulluqçuların icbari sığortası “ haqqında qanuna müvafiq olaraq təyin edilir. Ödəmə Dövlət Sığorta Şirkəti tərəfindən həyata keçirilir.Məbləğin ödənilməsi üçün müddət müəyyən edilməyib. Ailə üzvləri tərəfindən müraciət olunduqdan sonra bu ödəmə həyata keçirilir.

          Hərbi qulluqçular Azərbaycan Respublikasının ərazi bütövlüyü və hərbi tapşırıqların yerinə yetirilməsi zamanı əlil olarsa, onlara bu cür birdəfəlik ödəmə müəyyən edilir :

  1. 1-ci qrup-80%, yəni 8800 manat
  2. 2-ci qrup -60%,yəni 6600 manat
  3. 3-cü qrup-40%,yəni 4400 manat

 

Daha yüngül xəsarət alanlara isə 25% məbləğdə birdəfəlik ödəmə həyata keçirilir.

Bundan başqa,əlillərə avtomobil verilməsi də  nəzərdə tutulub. Bu, onların sosial reabilitasiyası və cəmiyyətə yenidən uyğunlaşdırılması üçündür. Bunun üçün əlil statusundakı şəxs tibb müəssisəsinə müraciət edir. Əgər onun avtomobilə ehtiyacı, reablitasiya üçün avtomobilin zərurəti müəyyən olunarsa, ona növbə müəyyən edilir. Nəzərə alınmaq lazımdır ki, avtomobil verilməsi bu növbə əsasında həyata keçirilir.