Hüquq normaları nədir? Necə müəyyənləşir?
«Norma» latın dilindən tərcümədə - qayda, nümunə mənasında istifadə olunur. Hər bir normada ümumi davranış qaydaları mövcuddur, burada sanki davranış modeli görünür. Əvvəla, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar icra olunsun, Normanın bu hissəsi hüquq elmində hipoteza adlanır, Məsələn, pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir. İkincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir. Məsələn, ailə hüquq normalarına müvafiq olaraq valideynlər öz uşaqlarını tərbiyə etməyə, onların fiziki inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar. Üçüncüsü, hüquq normaları elə məcburi təsir tədbirlərini müəyyən edir ki, dövlət orqanları buna müvafiq olaraq normadakı göstərişləri yerinə yetirməyən və ya lazımi qaydada yerinə yetirməyənlərə qarşı bu məcburi təsir vasitələrini (sanksiya) tətbiq etmək iqtidarında olur. Bunlar intizam xarakterli (töhmət, işdənçixarma və s.), inzibati (cərimə və s.) və cinayət xarakterli (azadlıqdan məhrumetmə və s.) sanksiyalar ola bilər.
Hüquq normaları bunları müəyyən edir:
1. Kim nə vaxt onu icra etməlidir, hansı şəraitdə? (hipoteza)
2. Bu icra nədən ibarət olmalıdır? (dispozisiya)
3. Normaların icra olunmasının hansı nətiələri ola bilər? (sanksiya)
Lakin heç də bütün normalar bu cür üç elementii struktura malik deyil. İnsanların davranışını müəyyən edən hüquq normaları onların fəaliyyətini subyektiv hüquqların verilməsi ilə, yaxud üzərilərinə vəzifələrin qoyulması ilə tənzimləyir. Ona görə də hüquq normalarına belə bir ümumi qayda kimi baxmaq olar ki, bu normalar insanların, onların kollektivlərinin davranışını onlara subyektiv hüquqların verilməsi və üzərilərinə müvafiq hüquqi vəzifələrin qoyulması yolu ilə tənzimləyir. Rəsmi elan (dərc) olunmuş hüquq norması dövlət məcburetmə xarakterini daşıyır, yəni bütün vətəndaşlar, vəzifəli şəxslər, dövlət orqanları, ictimai təşkilatlar üçün icrası məcburidir. Daha vacib hüquq normaları qanunlarda təsbit olunur. Lakin qanunlarla yanaşı digər normativ aktlar da mövcuddur (prezidentin fərmanları, hökumətin qərarları və s.). Hüquq normaları həmişə ümumi xarakter daşıyır, yəni o, bütün analoji hallara aid olur, dəfələrlə tətbiq etmək imkanını nəzərdə tutur. O, qeyri-müəyyən sayda hüquq subyektlərinə yönəlir ki, onlar bu məqamda, yaxud gələcəkdə bu hüquq normaları ilə tənzimlənən münasibətlərin iştirakçısı ola bilsinlər. Hüquq normalarının müxtəlif əlamətlərə görə təsnifatını vermək olar.
Normadakı göstrərişin xarakterindən asılı olaraq hüquq normalarını aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Səlahiyyətverici normalar (norma - icazələr, nəyi etmək olar). Məsələn, AR Konstitusiyasının 26-cı maddəsində müəyyən olunub ki, hər kəs qanunla qadağan edilməyən bütün vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir;
2. Məcburedici normalar (nəyi etmək lazımdır). Azərbaycan Respublikası Konstitusiyasının IV fəsli belə normaları təsbit etmişdir.
3. Qadağanedici normalar (nəyi etmək olmaz) Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq Azərbaycan xalqının heç bir hissəsi sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
Ailə hüquq normalarına müvafiq olaraq isə valideynlər öz uşaqlarını tərbiyə etməyə, onların fiziki inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar.