Evlilik və cinsi əlaqədə olma yaşının uyğunlaşdırılması doğrudurmu?
Cinsi əlaqədə olma yaşı evlilik yaşına uyğunlaşdırılmalı və məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxslə təqsirləndirilən arasında 2 il yaş fərqinin olmasının ləğvini nəzərdə tutan təkliflər dolaşır.
Cəmiyyətdə, elə hüquqşünaslar arasında da 16 yaşına çatmayan (Cinayət Məcəlləsinin (CM) 152.1) şəxslə cinsi əlaqədə olmaq məsələsində mütləq zərərçəkmişin qadın olması təsəvvürü var ki, bu yanlışdır. Bu maddə təkcə təbii yolla cinsi əladəqə olmanı deyil, eyni zamanda uşaqbazlıq, lesbiyanlıq və s. kimi eyni qəbildən olan seksual xarakterli hərəkətləri nəzərdə tutur.
Bunu zorlama ilə qarışdırmaq olmaz. Belə ki, CM-nın 152-ci maddəsi könüllü münasibətləri nəzərdə tutsa da, zorlama cinayəti adından da göründüyü kimi şəxsin iradəsində kənar baş verir.
On altı yaşı tamam olmayan şəxslə cinsi əlaqəni qadağan edən maddənin tələbinə əsasən, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan şəxsin özündən iki yaş böyük adamla öz razılığı, yəni könüllü cinsi əlaqədə olması belə cinayətin baş verdiyini göstərir.
Bu maddə üzrə zərərçəkmiş, həm qadın, həm də kişi ola bilər. Burada cinayətin obyekti şəxsin cinsi toxunulmazlığıdır. Zərərçəkmiş kimi isə cinayət törədilənə qədər 14 yaşına çatmış, lakin 16 yaşı tamam olmamış şəxs tanınır. Zorlama cinayətinin obyekti isə bilavasitə qadının cinsi azadlığı, yetkinlik yaşına çatmayanların isə cinsi toxunulmazlığıdır.
On altı yaşına çatmayan şəxslə cinsi əlaqə könüllü olsa belə, həmin şəxsin kəmağıllığı, psixi xəstəliklərinə görə öz hərəkətlərinin mahiyyətini dərk etməməsini cinsi aktı həyata keçirən şəxs anlayırsa, əməl zorlama (149) və seksual xarakterli zorakılıq hərəkətləri (150) kimi qiymətləndirilməlidir.
Bu cinayətin xüsusiyyətlərindən biri də təqsirkarın zərərçəkmişin 16 yaşının tamam olmamasını bilməsidir. Bu hal istintaqda əksər hallarda vəziyyəti obyektiv qiymətləndirməyə mane olur və sübut etməni çətinləşdirir.
Məsələn, şəxs 16 yaşı tamam olmadığını bildiyi, əvvəldən tanıdığı şəxslə cinsi əlaqədə olur. O, cinsi əlaqədə olduğu şəxsin doğum tarixini dəqiq bilir. Belə olanda şəxsin cinsi əlaqədə olduğu adamın 16 yaşına çatmadığını bildiyini müəyyən etmək olur. Bu cür münasibət isə həmişə bir-birini əvvəldən tanıyan şəxslər arasında olmur. Şəxslər adətən təsadüfi tanışlıq nəticəsində cinsi əlaqədə olanda bir-birindən şəxsiyyət vəsiqəsi və ya doğum şəhadətnaməsi istəmirlər. Ola bilər ki, şəxsin xarici görünüşü 16 yaşdan böyük görünsün. Şəxslərin bir-birinin xarici görünüşündən yaşlarını bilməsi mümkünsüzdür. Qanunun müddəasına görə, şəxs zərərçəkmişin yaşının 16-dan az olmasını bilməyəndə məsuliyyətə cəlb edilmir. Bu cinayətin sübut edilməsində kifayət qədər problem yaradır. Bəzən zərərçəkmişin doğum sənədinin olmamasına da rast gəlinir.
Belə olanda istintaqda məhkəmə psixoloji və digər ekspertizalar təyin edilir. Ekspert rəyində şəxsin həmin situasiyadakı psixoloji vəziyyəti, digər şəxs barədə düşüncələri, görünüşü, yaşı və s. əksini tapır. Amma bu da yekdil sübut kimi qiymətləndirilə bilmir.
Bu cinayət hadisənini müəyyənləşməsini çətinləşdirən hallardan biri də əlaqənin adətən hər iki şəxs tərəfindən gizlədilməsidir. Hüquq-mühafizə orqanları əksərən 16 yaş aralığındakı qızların hamiləliyi, doğuş və abort üçün xəstəxanaya müraciət etməsindən sonra xəbər tuturlar. Bu vəziyyətdə isə cinayətin olub-olmadığını müəyyənləşdirmək üçün həkim ekspertin rəyinə ehtiyac var. Məsələ odur ki, şəxsin 15 yaşının son günündə cinsi əlaqədə olma məsuliyyət yaratdığı halda, 16 yaşının ilk günü cinsi əlaqə olmaq cinayət məsuliyyəti yaratmır. Yəni burda 1 saat müddət şəxsin əməlinin cinayət olub-olmadığını müəyyənləşdirir.
Zərərçəkmiş kişi olanda isə istintaq və əməliyyat aparatı məlumat verən mənbələrdən də məhrum olur.
Mənim fikrimcə, cinsi əlaqədə olma yaşının 16-dan 18-ə qaldırılması erkən nikahların qarşısını almaq üçün effektiv vasitə deyil.
Evlilik yaşının 18 olması şəxslər arasındakı cinsi əlaqəyə görə nəzərdə tutulmayıb, bu, BMT-nin 1989-cu il Bəyənnaməsində əksini tapıb.
Şəxsin evlilik və cinsi əlaqə üçün yetkin olması tamamilə fərqli məsələdir.
CM-nin 152.1-ci maddəsi üzrə məsuliyyətin yaranması üçün təqsirkarın 16 yaşının tamam olması əsas şərtdir, zərərçəkmiş şəxslə aralarında isə 2 il yaş fərq olmalıdır. On altı yaşına çatmayan şəxlsərin cinsi əlaqədə olması, erkən nikahlarla mübarizə üçün qanunun tələbini sərtləşdirməkdənsə, ibtidai istintaq aparan və prosessual rəhbərliyi həyata keçirən orqanın cinayət işi üzrə səbəb və şəraitin müəyyən edilməsi, həmçinin aradan qaldırılması üçün real işlər görməsi daha effektli olar. Təəssüf ki, bu sahədə formal təqdimat yazmalar davam edir.
Şəxslərin cinsi yetişkənli və cinsi tərbiyəsi ilə ailə və təhsil institutu məşğul olmalıdır. Məktəbli cinsi yetişkənlik və cinsi əlaqə mövzusunda gizlincə hansısa saytlardan deyil, mütəxəssislərdən öyrənməli, lazım gəldikdə psixoloji yardım almalıdır. Ümumiyyətlə, ibtidai təhsildən etibarən psixoloq yardımı alınmasına təşviq edilməli və buna real şərait yaradılmalıdır.
Yerli icra hakimiyyətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirmə və profilaktik tədbirləri gücləndirməlidirlər. Bu orqanlar qurbana çatmalı, potensial qurbanı müəyyən etməlidir, qeyri-hökumət təşkilatları vasitəsilə maarifləndirmə tədbirləri və müzakirələr aparılmalıdır.
Cinsi əlaqə ilə bağlı şiddətin aradan qaldırılması üçün ailədaxili və ailələrin özlərinə də maarifləndirmə işini artırmaq mütləqdir.
16 yaş aralığında olanların ginekoloq qəbulunda qeydiyyatının qanunvericiliyin tələbinə uyğun aparılması, digər kənar cərrahi müdaxilələrin həyata keçirilməsi, cinayət xarakterli məlumatları daşıyan xüsusatlarla bağlı hüquq-mühafizə orqanlarının məlumatlandırılmasına nəzarətin gücləndirilməsi vacibdir.
Şamil Paşayev