HÜQUQ BİR GÜN HƏR KƏSƏ LAZIM OLUR!

Alimentin alınması qaydası necədir?

Alimentin alınması qaydası necədir?

2022-04-07 10:06:00

Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının 12-ci maddəsinə əsasən, nikah yaşına çatmış kişilər və qadınlar milli qanunveriliyə uyğun tənzimlənmə ilə nikaha daxil olmaq və ailə həyatı qurmaq hüquqlarına malikdirlər. Konstitusiyamızın 34-cü maddəsinə əsasən, nikah və ailə dövlətin himayəsindədir və onların hüquqi maraqları da dövlət tərəfindən qorunur. Uşaqların hüquqlarının müdafiəsinə gəldikdə isə konstitusiyamız valideynlərin üzərinə uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək öhdəliyi qoyulur, həmçinin bu valideynlərin hüququdur. Uşaq hüquqlarının qorunması yolunda atılan addımlardan biri kimi Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etməsini, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə qoşulmasını misal göstərmək olar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən, uşağın tərbiyəsi və inkişafı yolunda hər iki valideynin ümumi və eyni məsuliyyəti vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Bütün bu qeyd olunanlardan yola çıxaraq, həmin bu prinsiplərin qeyd olunduğu Ailə Məcəlləsinə də nəzər yetirmək lazımdır. Həmin Məcəllədə uşaqların qayğısına qalmağı və onların cəmiyyət içərisində inkişafına nail olmaq yolunda valideynlərin nikahları pozulduqdan sonra da uşaqların qayğısına qalmaq vəzifəsi müəyyən olunmuşdur. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Nəticə olaraq, yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün edilən zəruri xərclərin aliment qaydasında tutulması könüllü( yəni valideynlərin aralarındakı razılaşma ilə) və ya məcburi( yəni məhkəmə qərarı ilə) baş verə bilər. Ailə Məcəlləsinə əsasən, aliment aylıq qazancın müəyyən hissəsi miqdarında və ya müəyyən pul məbləğində tutula bilər. Alimentin alınması hüququ uşaq yetkinlik yaşına çatan zaman da mümkündür, lakin uşaq ya Ailə Məcəlləsində qeyd olunduğu kimi əmək qabiliyyəti olmayan ya da I dərəcə əlilliyi olan uşaq olmalıdır.