Məişət zorakılığı nədir? - TƏHLİL
Məişət zorakılığı sosial medianın və mətbuatın yenə gündəmindədir. Çox təəssüf ki, kriminal xronikada ailədaxili zorakılıq halları barədə məlumatlara rast gəlinir. Son vaxtlar isə daha çox sosial şəbəkələrdə belə hallar barədə qurbanların özlərinin və dostlarının yazdığı məlumatlar, video görüntülər və şəkillər diqqət çəkir. Əvvəl mental dəyərlərə əsaslanaraq, daha çox gizlənilməsinə cəhd edilən, ailə üzvləri, qohumlar və tanışlar arasında müzakirə edilən ailədaxili zorakılıq faktları indi sosial şəbəkələrdə geniş müzakirə olunur və ictimailəşir, bir çox halda ümumilikdə ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilə bilir.
Fakt budur ki, məişət şəraitində kişi, qadın və uşaqlara qarşı zorakılıq insan hüquqlarının təminatına təhlükə yaradır, şəxslərin konstitusion hüquq və azadlıqlarının qorunmasını sual altına alır.
Qonşu Türkiyədə baş vermiş bir neçə məişət zorakılığı hadisəsi hətta qeyri-hökumət təşkilatlarının davamlı aksiyası ilə yadda qalmışdı. Məişət zorakılığı qurbanları arasında məşhurlara da rast gəlinir. Məsələn, bir müddət öncə Türkiyədə müğənni Sıla Gəncoğlu sevgilisi tərəfindən döyülməsi iddiası ilə məhkəməyə müraciət etmişdi.
Konstitusiyada göstərilib ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Eyni zamanda nəzərə alınmalıdır ki, valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir. Valideynlik hüquqları həyata keçirilərkən, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməməlidir. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir.
Adətən, ailədaxili münaqişələri cəmiyyət "qadına qarşı şiddət", "uşaqların döyülməsi", "ər-arvad davası" kimi dəyərləndirir. Lakin məişət zorakılığının ailədaxili məsələ olmadığı birmənalı qəbul edilməlidir.
Qanun nə deyir?
Azərbaycanda 2010-cu ildə qəbul edilmiş "Məşiət zorakılığı haqqında" qanun isə bu davranışları “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərdən birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması” kimi qiymətləndirir.
Qanundan da göründüyü kimi, məişət zorakılığının qurbanları təkcə qadınlar və uşaqlar deyil, eyni zamanda kişilər də ola bilər. Məişət zorakılığına məruz qalan şəxslərin xəsarətinin dərəcəsindən asılı olaraq, qarşı tərəf cinayət və ya inzibati məsuliyyətə cəlb edilir.
Cinayət Məcəlləsinə əsasən, məişət zorakılığının qurbanlarının xəsarətinin dərəcəsinə görə, onu törədənlərə 125-ci (Özünü öldürmə həddinə çatdırma), 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma), 120-ci (Qəsdən adam öldürmə) 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə), 131-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərərvurma) 133-cü (Əzab vermə) 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərərvurma ilə hədələmə) və digər maddələrlə ittiham elan edilməsi mümkündür.
İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsi xüsusiləşdirilərək, sırf məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması zamanı tətbiq edilir. Bu maddəyə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi, yəni şəxsin digərinin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsi, iqtisadi asılılıq yaradılması və saxlanılması və bu vəziyyətdən sui-istifadə edilməsinə yönəlmiş hərəkətləri 100 manatdan 300 manatadək cərimə edilməsi ilə cəzalandırılır. Həmin maddənin ikinci bəndində isə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digərinə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Akkreditasiyadan keçmədən qurbanlara yardım göstərən qeyri-dövlət müəssisələrinin də məsuliyyətə cəlb edilməsi barədə həmin maddədə qeyd edilib.
Əgər məişət zorakılığı törətmiş şəxsin əməlində cinayət tərkibi yoxdursa, lakin zərərçəkmişin hüquqları pozulubsa, həmin şəxsə eyni və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə, həmçinin zərərçəkmişə qısamüddətli mühafizə orderi verilə bilər.
Mühafizə orderi nədir, hansı hallarda tətbiq edilir?
Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərərçəkmişə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Bu order məişət zorakılığının qurbanlarını qoruyur.
Zərərçəkmiş müraciət etdikdən sonra 24 saat ərzində zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmişə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.
Qısamüddətli mühafizə orderində zorakılığı törətmiş şəxsə bunun təkrar törədilməsi, zərərçəkmişin axtarılması, şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilə bilər.
Zorakılıq törədənin xəbərdarlıq və ya qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsasdır.
Uzunmüddətli mühafizə orderində isə zorakılıq törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqlarla ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydaları, zərərçəkmişə tibbi və hüquqi yardım göstərilməsi ilə bağlı xərclərin zorakılıq törədən tərəfindən ödənilməsi şərtləri qeyd olunur. Həmçinin, mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunması da izah edilir.
Qısamüddətli orderi əldə etmək üçün zərərçəkmiş icra hakimiyyətinə müraciət etməlidir. Belə müraciətləri hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerlərdə də fəaliyyət göstərən monitorinq qrupu araşdırır.
Mülki Prosessual Məcəlləsinin 355.1-ci maddəsinə əsasən, uzunmüddətli mühafizə orderini əldə etmək üçün zərərçəkmiş yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Ərizə verildikdən 3 gün ərzində məhkəmə həmin müraciətə baxır. Uzunmüddətli mühafizə orderi 30-180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə işə şəxsi və ailə sirrinin yayılmasının qarşısını almaq və uşaqların maraqlarının təmin edilməsi üçün qapalı məhkəmə iclasında baxıla bilər.
Orderin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan müddəti hesablanır. Qəbul edilmiş qərardan verilən şikayət də icranı dayandırmır.
Daha nə etmək olar?
Bəs məişət zorakılığının qarşısının alınması üçün qanunvericilikdə hansı əlavələr və ya dəyişikliklər edilə bilər?
Cinayət Məcəllənin (CM) 61-ci maddəsinə (Cəzanı ağırlaşdıran hallar) “cinayət hadisəsinin məişət zorakılığı ilə bağlı törədilməsi” bəndinin əlavə edilməsi məqsədəuyğun olardı. Eyni zamanda məişət zorakılığını özündə ehtiva edən 125-ci (Özünü öldürmə həddinə çatdırma), 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma), 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma), 120-ci (Qəsdən adam öldürmə), 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə), 131-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərərvurma), 133-cü (Əzab vermə), 134-cü (Öldürməklə və ya sağlamlığa ağırzərərvurma ilə hədələmə) və digər maddələrin ağırlaşdırıcı hallarında “məişət zorakılığı ilə bağlı törədilməsi və ya ailə üzvləri və birgə yaşayış qaydalarına zidd olaraq törədilməsi" bəndi əlavə oluna bilər.
Hazırda mühafizə orderinin alınmasına az hallarda rast gəlinir. Məişət zorakılığı törədənlərin çəkindirilməsi məqsədilə bu orderin alınması üçün müraciət edilməsinin zəruriliyi qurbanlara izah edilməli, bununla bağlı maarifləndirmə işi aparılmalıdır.
Bundan başqa, fiziki zorakılıqdan başqa psixi zorakılığın dairəsinin müəyyən edilməsi, bununla bağlı qurbanlarla məcburi müvafiq psixoloji və psixiatrik ekspertizanın daha səmərəli aparılması, şəxsin psixi zorakılığa məruz qalmasını dərk edib-etməməsi ilə bağlı məqamlar da aydınlaşdırılmalıdır.
Şamil Paşayev
Hüquqşünas